CƏMİYYƏT


Xətai rayonunda ağacların və kolların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb

Bakı, 14 iyul, AZƏRTAC

Paytaxtın Xətai rayonu, Əbilov küçəsi 12 saylı ünvanda yaşıllıq sahəsində tikinti işlərinin aparılması zamanı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Zahid Bədəlov tərəfindən müxtəlif cinsli (dəfnə, tut, əncir və zeytun) 4 ədəd ağac və 6 ədəd nar kolunun qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə 6600 manat məbləğində ziyan vurulması, eləcə də həmin ünvanda aparılan tikinti işləri ilə əlaqədar yaşıllıq sahəsinin kəsilməsinə dair hüquq verən rəsmi sənədlər təqdim edilməməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin araşdırmalarla 85 saylı MKİS-in rəisi Zahid Bədəlovun qulluq mövqeyindən sui-istifadə edib Meşə Məcəlləsinin və meşə qanunvericiliyi üzrə normativ aktların tələblərini kobud surətdə pozaraq kəsməyə hüquq verən əsaslar olmadan xeyli miqdarda ziyan vurmaqla ağacları və kolları qanunsuz kəsməsi hallarına yol verməsi müəyyən edilib.

Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən iyulun 14-də Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.