CƏMİYYƏT
Xətai rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb
Oktyabrın 22-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində yaşamış 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, iş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.
Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, G.Nuriyeva ilə eyni ünvanda yaşamış kiçik bacısı Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.