CƏMİYYƏT


Xəzər dənizi sahilində monitorinq aparılıb

Bakı, 1 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir.

Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər görür.

Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 2007–ci il 20 iyun tarixli 2244 nömrəli “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncama əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son 10 il ərzində həmin sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, həmin çimərlik ərazilərində çirklənmə dərəcəsi norma daxilindədir.

Lakin sutəmizləyici qurğuların quraşdırılmadığı Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik əraziləri kimi məntəqələrdə ötən il olduğu kimi cari ildə də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Həmin ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.

Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq təyin edilib. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir. Beləliklə, son on il ərzində həmin sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, həmin qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.