CƏMİYYƏT
“Xəzər günü” ilə əlaqədar iki hektar ərazi tullantılardan təmizlənib
Bakı, 12 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 2007-ci ildən etibarən hər il ənənəvi olaraq qeyd olunan “Xəzər günü” çərçivəsində müxtəlif tədbirlər keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin məqsədlə avqustun 11-də müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, özəl sektorun iştirakı ilə Xəzər dənizinin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin onun mühafizəsi prosesinə cəlb edilməsi mexanizmi müzakirə olunub, eyni zamanda, gənclər və yeniyetmələrlə birgə maarifləndirici tədbirlər təşkil edilib.
Tədbirdə uşaqlara Xəzər dənizinin ətraf mühitinin qorunması haqqında məlumat verilib, inşa müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.
Sonra tədbir iştirakçıları “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olub.
Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında ETSN-in əməkdaşları, ictimaiyyət nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyası keçirilərək iki hektar ərazi tullantılardan təmizlənib.
Eyni zamanda, belə maarifləndirici tədbirlər regionlarda və digər Xəzərsahili zonalarda təşkil edilib.