CƏMİYYƏT
Xəzərin sahilboyu ərazilərində su nəqliyyat vasitələrinin təhlükəsiz istismarına nəzarət tədbirləri davam edir
Bakı, 14 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xəzər dənizinin sahilboyu ərazilərində su nəqliyyat vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, avqustun 12-13-də keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə dörd su nəqliyyatı vasitəsinin - Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən çimərlikdə bir qayıq, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən çimərlikdə bir hidrosikl, Mərdəkan qəsəbəsində yerləşən çimərlikdə bir hidrosikl, Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən çimərlikdə bir hidrosiklin müvafiq nəzarət qaydalarına əməl olunmadan istifadə edildiyi müəyyən olunub. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.