İQTİSADİYYAT
Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına dair kredit sazişi imzalanmışdır
Bakı, 3 iyul (AZƏRTAC, Ceyhun Rüstəmov). İyulun 3-də Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin maliyyələşdirilməsinə dair kredit sazişi imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov ölkələrimiz arasında əlaqələrin əsasının ümummilli lider Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri zamanı qoyulduğunu bildirmişdir. O, ulu öndər Heydər Əliyevin Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafı ilə bağlı siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir.
Baş nazirin müavini əhalinin keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində görülən işlərdən danışmış, son illər bu sahədə bir çox layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır. A.Şərifov Azərbaycanda reallaşdırılan infrastruktur layihələrində Səudiyyə İnkişaf Fondunun da yaxından iştirak etdiyini bildirmiş, onun bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Azərbaycan Hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Səudiyyə İnkişaf Fondu sədrinin müavini, idarəetmə üzrə direktor Yusif bin İbrahim əl-Bəssam təmsil etdiyi qurumun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək verəcəyini bildirmişdir. Fondun sədr müavini Azərbaycana hər səfəri zamanı sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayaraq demişdir: “Azərbaycan xalqını əldə olunan bu iqtisadi inkişaf münasibətilə təbrik edirəm. Səudiyyə İnkişaf Fondu Azərbaycanda reallaşdırılan layihələrdə iştirakından məmnundur. Çox sevinirik ki, ölkənizin inkişafında bizim də töhfəmiz vardır.”
Sonra Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Səudiyyə İnkişaf Fondu sədrinin müavini, idarəetmə üzrə direktor Yusif bin İbrahim əl-Bəssam kredit sazişini imzalamışlar.
Sazişə əsasən, Səudiyyə İnkişaf Fondu ümumi dəyəri 75 milyon ABŞ dolları olan layihəyə güzəştli şərtlərlə 20 il müddətinə 35 milyon dollar məbləğində kredit ayıracaqdır. Layihədə Azərbaycan Hökumətinin payı 40 milyon dollar təşkil edəcəkdir.
“Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, 190 mindən çox insanın dayanıqlı su ilə təmin edilməsinə hesablanmışdır. Layihə çərçivəsində Xırdalan şəhərində ümumi tutumu 60 min kubmetr olan 3 su anbarı tikiləcəkdir. İstehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin etmək məqsədilə müxtəlif diametrli polietilen və polad borularla 178,5 kilometr uzunluğunda şəbəkə yaradılacaq, hər bir ünvanda “smart-kart” sayğac quraşdırılacaqdır. Layihə üzrə tikinti işlərinə 2015-ci ilin əvvəlində başlanması nəzərdə tutulur.