CƏMİYYƏT


Xızıda “Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği” mövzusunda konfrans keçirilib

A+ A

Bakı, 3 iyul, AZƏRTAC

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə Xızıda “Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği” mövzusunda konfrans keçirilib.

TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, Xızı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan konfransın iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının, habelə iyunun 28-də İstanbulda baş vermiş dəhşətli terror aktı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Rayon icra hakimiyyətinin əməkdaşı Ceyhun İsgəndərov çıxış edərək ölkəmizdə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli əməkdaşlığın müsbət nəticələrindən danışıb. O, bu əməkdaşlıq nəticəsində Xızı rayonunda da sağlam mənəvi mühitin formalaşdığını diqqətə çatdırıb.

TUMİB-in sədri Çingiz Bayramov isə çıxışında vətəndaş cəmiyyəti institutlarının Azərbaycanda multikulturalizmin və tolerantlığın təbliği istiqamətində görülən işlərə hərtərəfli dəstək verməsinin vacibliyini qeyd edib. Bildirib ki, gəncləri yad və radikal dini cərəyanların mənfi təsirindən qorumaq cəmiyyətin qarşısında duran əsas vəzifədir. Bizim başlıca vəzifəmiz yad dini cərəyanların ölkəmizə ayaq açmasının qarşısını almaqdır.

Ç.Bayramov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bu siyasətin dövlətin prioritet istiqamətlərindən biri olmasının göstəricisidir. Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları üçün deyil, bütövlükdə dünya üçün nümunədir. Bu nümunədən bəhrələnməyə hamıdan çox bədnam qonşularımızın ehtiyacı var. Çünki Ermənistan özünün irqçi siyasəti ilə regiondakı sağlam atmosferi zəhərləməklə məşğuldur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şöbəsinin əməkdaşı Ülvi Məmmədov, TUMİB-in idarə heyətinin üzvü, jurnalist Seymur Verdizadə və digərləri çıxışlarında Azərbaycanda dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.