REGİONLAR
Xızıda iki avtomobil və motosikletin toqquşması nəticəsində xəsarət alanlar var VİDEO
Xızı, 19 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 19-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 74-cü kilometrliyində zəncirvarı qəza baş verib.
AZƏRTAC xəbər verir ki, avtomobil yolunun Xızı rayonunun Giləzi qəsəbəsindən keçən hissəsində qeydə alınan qəzada “Nissan”, “Hyundai” markalı avtomobillər və motosiklet toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Xəsarət alan şəxslər Xızı rayon sakinləri Ağayev Fəzail Yəhya oğlu, Həsrətov Rüstəm Əmiraslan oğlu, İbrahimov Telman Zaman oğlu, Şabran rayon sakinləri Cəfərov Tahir Hüsü oğlu, Cəfərova Nazlı Həzərpaşa qızı və 1940-cı il təvəllüdlü Şükürova Mələk Dəmir qızıdır.
Tibb müəssisəsindən bildirilib ki, yaralıların bəzilərinin xəsarəti ciddi olsa da, heç birinin həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.