QAN YADDAŞI
Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar
Tbilisi, 21 fevral, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyi Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirib.
Tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin məsul əməkdaşları, deputatlar, din və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub. Sonra QMİ-nin Xocalı soyqırımı ilə bağlı bəyanatı iştirakçıların diqqətinə çatdırılıb.
QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri hacı Əli Əliyev XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törədiblər. Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarətlər yetirilib, 1275 sakin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, kəndlərin, şəhərlərin, dini, tarixi abidələrin, məktəblərin, məscidlərin, qəbiristanlıqların dağıdılması və yandırılması, bu təcavüzün hələ də davam etməsi barədə məlumat verib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima, Holokost və digər faciələrlə bir sırada dayandığını vurğulayıb.
Türkiyə səfirliyinin əməkdaşı Nəbi Gümüş deyib ki, Xocalıda soyqırımı törədənlər bu cinayətə görə hələ də ədalət qarşısında cavab verməyiblər. Bu insanlıq əleyhinə cinayəti işləyənlər ədalət qarşısında cavab verməlidirlər. Qeyd olunub ki, Türkiyə hər zaman olduğu kimi, yenə də Azərbaycanın yanındadır və daim belə olacaq.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirib. Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, eləcə də Gürcüstanda yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığı bildirilib. Deputat Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan cinayət kimi dəyərləndirib.
Tədbirdə çıxış edənlər Xocalı faciəsini bəşəriyyətə qarşı ən böyük ədalətsizlik adlandırıblar. Onlar insanlığa qarşı cinayət törədənlərin cəzasız qalmayacaqlarını bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi