REGİONLAR


Xocavənd rayonu üzrə doqquz ayın sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib

A+ A

Beyləqan, 18 oktyabr, AZƏRTAC 

Ərazisi işğal altında olan Xocavənd rayonunun azərbaycanlı əhalisi respublikanın 37 şəhər və rayonunda məskunlaşıb. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisindəki Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı, 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisində salınmış yaşayış massivində yerləşiblər. Ötən doqquz ayda Yeni Xocavənd qəsəbəsinin daxili yolları qum-çınqıl örtüyü ilə təmir olunub. Xocavənd qəsəbəsinin abadlaşdırılması və idman zalının tikintisi davam etdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Xocavənd qəsəbəsində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda məlumat verilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun məruzəsində bildirilib ki, hesabat dövründə rayonun təsərrüfatlarında 2093 baş iribuynuzlu mal-qara, 15 min 547 baş qoyun və keçi olub. Bu dövrdə 3700 sentner ət, 16 min 013 sentner süd, 495 sentner yun istehsal edilib. Rayon üzrə 5883,9 hektar buğda sahəsindən 17 min 722,14 ton, 248,51 hektar arpa sahəsindən 646,126 ton məhsul götürülüb. Bundan başqa, fermerlər tərəfindən 195,5 ton kartof, 820,6 ton tərəvəz istehsal edilib.

Vurğulanıb ki, rayon məşğulluq mərkəzinə 166 nəfər işaxtaran vətəndaş müraciət edib, onlardan 90 nəfəri işlə təmin olunub. Xəzər Strateji Araşdırmalar İnstitutu tərəfindən həyata keçirilən “Qarabağ xalçaları” layihəsi çərçivəsində 320 ailəlik qəsəbədə xalçaçılıq və tikiş kursları təşkil edilib. Həmin kursların davam etdirilməsi və xalça istehsal edən sexin fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

İlin ötən dövründə xocavəndli məcburi köçkünlərin məskunlaşdığı 13 rayonda 31 səyyar qəbul keçirilib. 691 nəfər sakinin iştirak etdiyi görüşlərdə müxtəlif problemlərlə bağlı 51 məsələ barədə müraciətlər olunub. Qaldırılmış məsələlərin 92,2 faizi öz müsbət həllini tapıb, 7,8 faizi ilə əlaqədar izahat işləri aparılıb.

Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.