İQTİSADİYYAT
“Xruşşovka” binaların əvəzinə yeni binaların tikilməsi üçün dövlət tərəfindən şirkətlərə güzəştlər ediləcək
Bakı, 15 mart, Elvin Camalov, AZƏRTAC
“Xruşşovka” binaların əvəzinə yeni binaların tikilməsi üçün dövlət tərəfindən şirkətlərə güzəştlər ediləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri martın 15-də Bakıda Birinci Beynəlxalq Su həftəsi çərçivəsində keçirilən “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktik konfransda Baş nazirin müavini Abid Şərifov deyib.
O bildirib ki, Bakıda 1-ci mikrorayonda yerləşən panel evlər keçmiş sovet hökuməti dövründə inşa edilib. Burada əsas problem ondan ibarətdir ki, evlər betondan olduğu üçün tikinti zamanı bütün normativlər pozulub. Binalarda istilik, havalandırma sistemləri çürüyüb, işləmir. Bu baxımdan evlərin sökülməsi təqdirə layiqdir.
“İlk növbədə mən məmur kimi yox, bir vətəndaş kimi Nazirlər Kabinetinin bu qərarına sevinirəm. Görülən işlər barədə dövlət başçısına məruzə olunur və onunla razılaşdırılmış bir layihədir. Layihəyə əsasən mikrorayonda binalar bir-bir söküləcək, yerində sosial obyektləri (məktəb, uşaq bağçası və sair) ilə birlikdə hündürmərtəbəli binalar tikiləcək”, - deyə A.Şərifov vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, yeni tikilən evlər əvvəllər orada yaşayan insanlara veriləcək. Köhnə binalarda mənzillərin sayı 60 olduğu halda yeni binalar 120 mənzilli olacaq. Dövlət bu işlərin həyata keçirilməsi üçün ayrı-ayrı şirkətlərə güzəştə gedəcək ki, onlar öz vəsaiti hesabına bu işləri yerinə yetirsin.