REGİONLAR
YAP Mərkəzi Seçki Qərargahının Lənkəran rayon şöbəsinin üzvləri üçün treninq keçirilib
Lənkəran, 27 avqust, Bağır Əliyev, AZƏRTAC
Milli Məclisə növbəti seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Lənkəran rayon şöbəsinin üzvləri üçün treninq keçirilib.
AZƏRTAC xəbər verir ki, təlim məşğələsində çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İlqar Dadaşov qarşıdakı parlament seçkiləri ilə əlaqədar yaradılmış 19 nəfərdən ibarət rayon qərargahı üzvlərinin siyahısının partiyanın Mərkəzi Seçki Qərargahına göndərildiyini bildirib.
Seçki məntəqələrində seçici siyahılarının yenilənməsi işinin davam etdirildiyini vurğulayan İ.Dadaşov, rayon ərazisində fəaliyyət göstərən 4 dairə və 116 məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüququna malik olan üzvlərin, dairələrdə və seçki məntəqələrində iştirak edəcək müşahidəçilərin siyahısının hazırlanması işinin başa çatdırıldığını deyib. Bildirilib ki, qərargah üzvləri arasında vəzifə bölgüsü aparılaraq 13 nəfərdən ibarət təbliğat, 6 nəfərdən ibarət təşviqat, imza vərəqələrini yoxlamaq məqsədilə isə hər dairə üzrə 1 nəfər olmaqla 4 qərargah üzvündən ibarət qruplar yaradılıb.
Treninqdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.