SİYASƏT
YAP Nizami və Qaradağ rayon təşkilatlarının fəal gəncləri müstəqillik gününü birgə qeyd ediblər
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami və Qaradağ rayon təşkilatlarının fəal gənclərinin təşəbbüsü ilə silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Qaradağ rayon təşkilatının bir qrup gənc fəalı partiyanın Nizami rayon təşkilatında olub. Rayon təşkilatının qərargahında gənclərlə keçirilən görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu deyib.
Milli Məclisin deputatı bu bayramın Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində də qeyd edildiyini söyləyib. Bildirilib ki, Azərbaycan xalqının ikinci dəfə müstəqilliyini elan etməsi bir əsrdə xalqımızın siyasi tarixində yaşadığı ikinci ən parlaq qələbədir. Müstəqilliyimizin ilk illərində xalqımız dünyaya bəxş etdiyi dahi insan, böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. “Müstəqilliyimiz dönməzdir, əbədidir” deyən ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə ölkə iqtisadiyyatında, ordu quruculuğunda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, sosial müdafiə sahələrində böyük uğurlar əldə edilib.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov da dövlət müstəqilliyinin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini xatırladıb.
Qeyd edilib ki, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyimizə əngəl törədəcək bir çox hadisələr baş verib, lakin Azərbaycan xalqı bu çətinliyin öhdəsindən gələ bilib. Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yoluna qədəm qoyub, xarici ölkələrlə bir çox sahələrdə müqavilələr imzalanıb. Ulu Öndər tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü nəhəng işlər, möhtəşəm layihələr bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Son 13 ildə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan misli görünməmiş inkişafa nail olub, dünyada nüfuzlu dövlətə çevrilib. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bu, sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində də sübuta yetirilib”, - deyə Aydın Hüseynov vurğulayıb.
Görüşdən sonra gənclər SOCAR Ekologiya İdarəsinin “Ekoloji park”ına ekskursiya ediblər. Əvvəlcə gənclər ağac əkib, sonra eko-parkın tarixçəsi, yaradılma məqsədi, istehsalat sahələri, infrastrukturu, quraşdırılan külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər texnologiyalarla tanış olublar.
Gənclərə parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında geniş məlumat verilib.
YAP Nizami rayon təşkilatının fəal gəncləri isə oktyabrın 13-də Qaradağ rayonuna səfər ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Qobustan Milli Tarix-Bədii Qoruğuna gələn gənclər əvvəlcə qoruğun muzeyində nümayiş etdirilən eksponatlara baxıblar. Məlumat verilib ki, Bakıdan 65 kilometr məsafədə yerləşən Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, Neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində 6 mindən artıq təsvir qeydə alınıb. Burada 40-dan artıq kurqan aşkarlanıb, 105 mindən çox maddi mədəniyyət nümunəsi tapılıb. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.
Gənclərə məlumat verilib ki, 4 min hektardan çox ərazidə yerləşən dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib.
Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan gənclər ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanıblar.