CƏMİYYƏT
YAP Səbail rayon təşkilatında müşahidəçilərə və məşvərətçilərə treninq keçirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının seçki qərargahında noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərini izləyəcək müşahidəçilər və məşvərətçilərə treninq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev əvvəlcə Milli Məclisə seçkilərə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verib.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə ciddi hazırlaşıb, mərhələli işlər, müzakirələr davam etdirilir.
Tədbirdə seçki prosesi başlayandan indiyədək görülmüş işlər haqqında məlumat verilib, qarşıda duran vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, müşahidəçi və məşvərətçilərin səlahiyyətlərindən bəhs edilib. YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlərin olduğu vurğulanıb.
YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov seçkilərdə müşahidəçi və məşvərətçilərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Bildirib ki, onlar seçki prosesində daha məsuliyyətli, obyektiv olmalıdırlar.
Daha sonra tədbirdə müvafiq mövzularda müzakirələr aparılıb və müşahidəçilərin sualları cavablandırılıb.