CƏMİYYƏT
YAP-ın yaradılması Azərbaycanın tarixində çox önəmli hadisədir
Bakı, 21 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatı partiyanın yaradılmasının 22-ci ildönümü ilə bağlı tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev məruzə ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yarandığı dövrdən bəhs edən natiq bildirib ki, məhz partiyanın yaranması ilə Azərbaycan vətəndaşlarında gələcəyə inam bərqərar oldu. YAP-ın yaradılması Azərbaycanın tarixində çox önəmli hadisədir. Bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP ümumxalq partiyasına çevrilib. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub.
Qeyd edilib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib.
Sonra tədbirdə YAP Cəbrayıl rayon təşkilatının Şura üzvləri, partiyanın gənc fəalları çıxış edərək YAP-ın ən nüfuzlu siyasi qüvvəyə çevrilməsində partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, Ümummilli Liderin dövlətçiliyimizin qorunması və möhkəmlənməsi, ölkənin sosial-iqtisadi tərəqqisi istiqamətində gördüyü işlərdən bəhs ediblər.
Sonda ulu öndər Heydər Əliyevin YAP-ın birinci qurultayındakı çıxışı nümayiş etdirilib.