DÜNYA


Yaponiya silahlı qüvvələri müttəfiqlərin müdafiəsi üçün silah tətbiq edə bilər

Tokio, 22 dekabr, AZƏRTAC

Yaponiya silahlı qüvvələri ABŞ və digər müttəfiqlər hücuma məruz qaldıqları təqdirdə onları müdafiə etmək üçün sərəncamlarında olan silahlardan və digər texniki vasitələrdən maneəsiz istifadə etmək hüququ alıb. Bu barədə qərar ölkənin Milli Təhlükəsizlik Şurasının Baş nazir Şinzo Abenin və Nazirlər Kabinetinin doqquz aparıcı nazirinin iştirakı ilə keçirilən toplantısında qəbul olunub.

İlk növbədə söhbət Koreya Xalq Demokratik Respublikasına məxsus ballistik raketlərdən müdafiədən gedir. Eyni zamanda, BMT-nin sülhməramlı qüvvələrinin tərkibində iştirak edən yapon kontingenti mülki şəxslərin müdafiəsi üçün silah tətbiq edə bilər. Əvvəllər həmin hərbçilər hərbi əməliyyatlar başladığı təqdirdə dərhal geri çəkilməli idilər. Yapon hərbçilər yalnız birbaşa düşmən hücumuna məruz qaldıqları zaman silah tətbiq edə bilərdilər.

Bundan sonra onlar yalnız özlərini deyil, həmçinin müttəfiq qüvvələrin müdafiəsi üçün də silah işlədə bilərlər. Bu zaman söhbət yalnız ABŞ silahlı qüvvələrindən deyil, eyni zamanda, məsələn son vaxtlar Tokio ilə hərbi sahədə yaxınlaşan Avstraliyadan da gedir.

Silah tətbiqi barədə qərarı Yaponiya müdafiə naziri verəcək. ABŞ və digər müttəfiq ölkələr hərbi yardım istədikdə isə məsələ Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.