DÜNYA
Yaponiyada II Dünya müharibəsinin başa çatmasının 71-ci ildönümü qeyd olunub
Tokio, 15 avqust, AZƏRTAC
Avqustun 15-də Yaponiyada II Dünya müharibəsinin başa çatmasının 71-ci ildönümü qeyd olunub.
Hökumət bu müharibədə həlak olan 3 milyon 100 min yaponun xatirəsini anmaq üçün Tokioda anım mərasimi təşkil edib. Mərasimdə İmperator Akihito başda olmaqla İmperator ailəsinin üzvləri, Baş nazir Şinzo Abe, parlamentin hər iki palatasının sədrləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Baş nazir Şinzo Abenin çıxışından sonra bir dəqiqəlik sükut elan olunub.
İmperator Akihitonun müraciətindən sonra isə iştirakçılar səhnədə quraşdırılmış ehrama çiçək dəstələri düzüblər.
Müharibədə həlak olanların mərasimdə iştirak edən qohumlarının əksəriyyətinin yaşı artıq 70-i ötüb.
Ötən ildən başlayaraq hökumət müharibə zamanı əldə olunan təcrübəni gələcək nəsillərə ötürmək üçün belə tədbirlərə ölkənin müxtəlif prefekturalarından 18 yaşadək 124 yeniyetməni də dəvət edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio