CƏMİYYƏT


Yasamal rayonu ərazisində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb

Bakı, 24 iyun, AZƏRTAC

Yasamal rayonu ərazisində törədilmiş ağır cinayətin üstü paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində “isti izlər”lə açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, iyunun 22-də saat 23:30 radələrində naməlum şəxs (şəxslər) tərəfindən Yasamal rayonu, Əbilov küçəsi 72 saylı ünvanda yaşayan 1989-cu il təvəllüdlü Mahirə Əliyevanın qəsdən öldürülməsi, 1967-ci il təvəllüdlü Mətanət Həsənovanın və sonuncunun oğlu 1991-ci il təvəllüdlü Laçın Həsənovun qəsdən öldürülmələrinə cəhd faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Rayon polis idarəsinin və prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədov Sənan İlham oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaqla müəyyən edilib ki, S.Məmmədov əvvəllər ər-arvad kimi yaşadığı Mahirə Əliyevaya bir müddət əvvəl saxlamaq üçün verdiyi 415 manat məbləğində pulu geri ala bilməməsindən əsəbiləşərək qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib və üç tanışı ilə sonuncunun müvəqqəti yaşadığı Yasamal rayonu, Əbilov küçəsi 72 saylı ünvana gəlib. O, mənzilə daxil olub M.Əliyevanı qəsdən öldürmək məqsədilə əvvəlcədən özü ilə götürdüyü bıçaqla sonuncuya bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib, onun hərəkətlərinin qarşısını almağa çalışan ev sahibi Mətanət Həsənovanın üstünə hücum edib qəsdən öldürmək məqsədilə bıçaqla ona və Laçın Həsənova da xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Qonşuların köməyi ilə zərərçəkmişlər xəstəxanaya çatdırılsa da, M.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.