CƏMİYYƏT
Yasamal rayonunda çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salınıblar
Bakı, 11 iyul, AZƏRTAC
Yasamal rayonunda çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salınıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının qəhrəman övladı Mehdi Hüseynzadənin abidəsi önündə keçirilən yolasalma mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb.
İştirakçılar abidənin önünə əklil və gül dəstələri qoyublar.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova tədbirdə çıxış edərək hərbi xidmətə yola salınan 50 gəncə təbriklərini çatdırıb, dövlət müstəqilliyinin qorunmasında, gənclərin şəxsiyyət kimi formalaşmasında, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təminində Azərbaycan ordusunun müstəsna xidmətlərindən danışıb. O, gənclərə inamlı olmağı, Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi, qətiyyətlə və vicdanla xidmət etməyi arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi, polkovnik Namiq Hüseynov Azərbaycanın güclü ordusu olduğunu, Vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək hərbi xidmətə gedən gənclərə uğurlar arzulayıb.
Hərbi xidmətə yola salınan gənclərin valideynləri övladları ilə qürur duyduqlarını bildirib, çağırışçı gənclərə Vətənə layiqli əsgəri olmağı tövsiyə ediblər.
Gənclər çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.
Yola salınan gənclər Azərbaycan bayrağını öpərək Vətənə sədaqət andı içiblər.
Tədbirin sonunda Əbilov adına Mədəniyyət Mərkəzinin bədii kollektivi konsert proqramı ilə çıxış edib.