REGİONLAR


Yay aylarında Şəkiyə 50 mindən çox turist gəlib VİDEO

A+ A

Şəki, 14 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qədim Şəki bənzərsiz gözəlliyi, dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, milli mətbəxi ilə ilin bütün fəsillərində yerli və xarici turistləri özünə cəlb edir. Yay aylarında, xüsusilə bayram günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Builki Qurban bayramı günləri də istisna təşkil etməyib. Son günlər bu qədim şəhərin qonaqlarının sayı nəzərəçarpacaq dərəcədə artıb.

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva AZƏRTAC-a bildirib ki, bayram günlərində Şəkiyə gələn turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri qoruğun ərazisi olub. Bu da təsadüfi deyil. Burada yerləşən Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, V-VI əsrlərə aid Dairəvi Məbəd, XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi, muzeylər, “Sənətkarlar evi”, həmçinin sənətkarların əl işlərinin, milli suvenirlərin satıldığı xırda dükanlar turistlərin diqqətini daim cəlb edir.

Qoruğun direktorunun bildirdiyinə görə, yay aylarında Şəkiyə 50 mindən çox turist gəlib. Bu il xarici turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Qurban bayramı günlərində Şəkinin qonaqları arasında yerli turistlərlə yanaşı, İrandan, ərəb ölkələrindən gələn turistlər üstünlük təşkil edib.

Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planı əsasında həyata keçirilən pilot-layihəyə uyğun olaraq, yay aylarında qoruğun ərazisində turistlər üçün gündəlik mədəni proqramlar təşkil edilib. Turistlərə xidmət göstərmək üçün “Qala divarları”nın həyətindəki geniş yaşıllıq ərazidə asudə vaxt və istirahət guşəsi də yaradılıb.

Şəkiyə gələn turistlər, xüsusilə də əcnəbi qonaqlar onlara göstərilən isti münasibətdən, xidmətlərdən razılıq edirlər.

Hans Joaxim Ruks xanımı Barbara Kramerlə birlikdə Almaniyadan qonaq gəlib. Hans vergi sahəsi üzrə beynəlxalq ekspertdir. Ölkəmizə səfərləri ilə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən alman turist deyib: “Xarici ölkələrə səyahət etməyi çox xoşlayırıq. İlk dəfədir ki, Azərbaycandayıq. Əvvəlcə Bakıda olduq. Paytaxtınızın gözəlliyi bizi çox təəccübləndirdi. Düzü belə gözləmirdik. Çox müasir və mədəni şəhərdir. Ölkəniz tolerant, insanları çox mehribandırlar. Şəkidə Azərbaycan mədəniyyətinin, memarlığının nümunələri ilə tanış olduq. Xan sarayı, qədim abidələr, təbiət mənzərələri çox xoşumuza gəldi. Azərbaycana yenə gəlməyi düşünürük”.

ABŞ-ın Florida ştatından olan xanım Pegi Deyts də ilk dəfədir turist qrupu ilə ölkəmizə gəlib. Azərbaycanlıların qonaqpərvər xalq olduğunu vurğulayan xanım Deyts Şəkinin tarixi məkanları ilə tanışlığın onlarda böyük təəssürat yaratdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.