CƏMİYYƏT
“Yeni mediada milli təhlükəsizliyə zidd informasiyaların qarşısının alınması günün tələbidir” adlı broşür çapdan çıxıb
Bakı, 28 avqust, AZƏRTAC
“Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Gənclərin sosial və internet mediasında milli təhlükəsizliyə zidd informasiyaların yayılmasına qarşı səfərbər edilməsi” layihəsi çərçivəsində “Yeni mediada milli təhlükəsizliyə zidd informasiyaların qarşısının alınması günün tələbidir” adlı broşür çap edib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, broşürün əsasən yeniyetmə və gənclər, eləcə də gənclər təşkilatları və QHT-lər, müvafiq qurumlar arasında paylanması nəzərdə tutulub. Broşürdə layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında ərsəyə gəlmiş materiallar əksini tapıb.
Bu layihə çərçivəsində Bakıda və regionda keçirilmiş təlimlərdə iştirak edən yeniyetmə və gənclər media vasitələrində düzgün iştirakla bağlı biliklərini artırmaq, məlumatlanmaq və təlimatlanmaqla yanaşı, həmkarları və ictimaiyyət arasında əldə etdikləri bilikləri ötürə və təlqin edə, bununla bağlı virtual məkanda, sosial şəbəkələrdə informasiyalar yaya bilirlər.
Layihə çərçivəsində yenilənmiş “yenimedia.info” saytı internetdə hüquqi və ictimai məsuliyyətin geniş miqyasda təbliğinə, istinad etmək üçün zəngin və əlverişli internet resurslarının keyfiyyətini və sayını artırmağa şərait yaradacaq.