CƏMİYYƏT
Yenidoğulmuşların hepatit B vaksini ilə əhatə olunması 98,5% təşkil edib
Bakı, 10 avqust, AZƏRTAC
Bu ilin 6 ayı ərzində Azərbaycanda yenidoğulmuşların hepatit B vaksini ilə əhatə olunması - 98,5, poliomielit əleyhinə OPV vaksini ilə - 96,6%, vərəm əleyhinə BCG vaksini ilə - 96,3% təşkil edib. Digər yaş qruplarında da əhatə olunma təqvimə uyğun davam etdirilib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi (YXEMS) vasitəsi ilə bütün yoluxucu xəstəliklərin qeydə alınması, epidemioloji vəziyyətin təhlili, hətta rayon səviyyəsində yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində aparılan işlərin elektron qiymətləndirilməsi imkanları təkmilləşdirilib.
Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, aprelin 24-30-da respublika ərazisində İmmunlaşdırma həftəsi keçirilib. Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqlar profilaktik peyvəndlərə cəlb olunub. Ümumilikdə İmmunlaşdırma həftəsi ərzində vərəm əleyhinə vaksinlə 339; difteriya, göyöskürək və tetanus əleyhinə vaksini ilə 1946; difteriya-tetanus əleyhinə vaksini ilə 1715; İnaktivləşdirilmiş poliomielit vaksini ilə 1074; qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksini ilə 3807; hepatit əleyhinə vaksinlə 326; pnevmokok əleyhinə vaksinlə 3641 və A vitamini ilə 2941 uşaq əhatə olunub.