CƏMİYYƏT
Yeniyetmə və gənclərə “ağ ölüm” barədə ətraflı məlumat verilib
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Yaşamaq şansını əldən verməyin!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı şəhəri Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərli narkomaniyaya qarşı maarifləndirmənin böyük əhəmiyyət daşıdığını bildirib. O, gənclərlə bağlı ölkəmizdə aparılan siyasətin bu gün də uğurla davam etdirildiyini bildirib.
A.Kəngərli çıxışında sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu söyləyib.
Tədbirdə gənclərə maarifləndirici təsir göstərə biləcək Şəki Dövlət Dram Teatrının səhnəsində oynanılmış “Bəla” tamaşasının videoyazısı və sənədli videoçarx nümayiş olunub.
Çıxış edənlər “ağ ölüm” barədə ətraflı məlumat verərək yeniyetmə və gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyata və mənəvi cəhətdən kamil yaşamağa çağırıblar.
Tədbirdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ının icrası məqsədilə görülən işlər haqqında məlumat verilib. Bu sahədə əhali arasında maarifləndirmə işlərinin aparıldığı, mətbuatda məqalələrin dərc edildiyi bildirilib.
Sonda çıxışlar əsasında fikir mübadiləsi aparılıb.