CƏMİYYƏT
Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi mövzusunda müzakirələr aparılıb
Bakı, 29 noyabr, AZƏRTAC
“Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyinin reallaşdırdığı “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ali və orta ümumtəhsil ocaqlarında elmi–praktik konfransın təşkili” layihəsi çərçivəsində noyabrın 29-da konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihənin məqsədi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ali və orta ümumtəhsil ocaqlarında mütəxəssislərin iştirakı ilə “Müstəqil dövlətimizin qorunması mühüm şərtdir” mövzusunda seminarlar keçirmək, gənclərdə milli vətənpərvərlik hissini, təhsilə həvəsi daha da gücləndirməkdir.
Layihə rəhbəri, İctimai Birliyin sədri Xədicə Babayeva çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan güclü dövlətçilik və dinamik inkişaf siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışıb. O, gənc nəslin milli vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilməsinin, xalqımızın zəngin tarixinin və milli-mənəvi dəyərlərinin gənclər arasında təbliğinin müasir cəmiyyətin qarşısında duran əsas vəzifələrdən olduğunu diqqətə çatdırıb.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni və digərləri çıxışlarında gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsində belə layihə və tədbirlərin önəmini qeyd ediblər.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.