CƏMİYYƏT
Yeniyetmə və gənclərin yaradıcılıq festivalı çərçivəsində rəsm sərgisi açılıb
Bakı, 8 dekabr, H.Mahmudova, F.Şükürova, AZƏRTAC
10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə dekabrın 8-də Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən “Abşeron” Rəsm Qalereyasında yeniyetmə və gənclərin yaradıcılıq festivalı çərçivəsində rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Abşeron” Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək Beynəlxalq İnsan Hüquqları Gününün və festivalın əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, sərgidə yeniyetmə və gənclərin insan hüquqları və azadlıqlarına dair düşüncələrini əks etdirən 30-dək rəsm əsəri nümayiş etdirilir. Çıxışlarda ölkəmizdə yeniyetmə və gənclərin, uşaqların yaradıcılığının sosial yönümlü layihələrə istiqamətləndirilməsi üçün belə sərgilərin mühüm rol oynadığı bildirilib.
Sonra Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sərginin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə əvvəlcə Bakı Uşaq Teatrının kollektivinin ifasında teatr səhnəcikləri nümayiş olunub.
Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva tədbirdə çıxış edərək ölkəmizdə yeniyetmə və gənclərin, uşaqların istedadlarının üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişafı etdirilməsi istiqamətində reallaşdırılan layihələrdən bəhs edib. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində mühüm addımlar atıldığını deyən İ.Hacıyeva bildirib ki, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub.
Mərasimdə Azərbaycanın hüquq mühafizə sistemində aparılan islahatlardan, insan hüquqlarının təmin olunmasında ədliyyə orqanlarının rolundan, beynəlxalq təşkilatlarla əməkdaşlıqdan, insan hüquq və azadlıqlarının təşviqində vətəndaş cəmiyyətinin fəaliyyətindən bəhs edilib.
Sonra yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb.
Sonda insan hüquq və azadlıqları, narkomaniyaya və insan alverinə qarşı mübarizə və s. mövzulara dair səhnəciklər nümayiş etdirilib.