CƏMİYYƏT
“Yerli Gənc” Proqramı çərçivəsində kənd gənclərinə növbəti təlimlər keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Azərbaycan kəndlərində yerli gənclər üçün təlimlər davam edir.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, proqram çərçivəsində kənd gənclərinin inkişafını nəzərdə tutan növbəti təlim 2015-ci il üzrə Azərbaycan Gənclər Paytaxtı seçilmiş İsmayıllı şəhərinin Kürdmaşı kəndində həyata keçirilib. İsmayıllı rayon İcra Hakimiyyəti, Kürdmaşı Kənd Bələdiyyəsi, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə keçirilən tədbirdə kəndin fəal gəncləri iştirak ediblər.
Tədbir “Yerli Gənc” Proqramının təqdimatının keçirilməsi ilə başlayıb. Təqdimat zamanı iştirakçılar proqramın mahiyyəti və ondan faydalanma imkanları barədə məlumat əldə ediblər.
Sonra təlim sessiyasına start verilib.
Təlimlər zamanı iştirakçılara Azərbaycanda həyata keçirilən gənclər siyasəti, gənclərlə bağlı dövlət proqramları və gənclər üçün yaradılan imkanlar haqqında məlumat verilib, onların fikirləri dinlənilib. Qrup işləri və komanda oyunları ilə davam edən təlimdə gənclər qazandıqları bilikləri interaktiv oyunlar və məşğələlər vasitəsilə möhkəmləndiriblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Bunu nəzərə alaraq, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir.
“Yerli Gənc” Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işi bir istiqamət kimi təbliğ etmək, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığını stimullaşdırmaq, kənd gənclərini ictimai fəaliyyətə cəlb etmək, onların bilik və bacarıqlarını üzə çıxarmaq, kəndlərdə insan resurslarının inkişafına təkan verməkdir.