CƏMİYYƏT
“Yerli Gənc” proqramının icrası davam edir
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının icrası davam edir.
Milli Şuradan AZƏRTAC-a bildiriblər ki, “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclərlə təbliğatın aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığının artırılması, onların ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
Proqramın icrası ilə bağlı keçirilən tədbirlərdə 100-ə yaxın gənc iştirak edib. “Youth Inc.” Proqramının təlimçiləri tərəfindən iştirakçılara “Öz biznesinə başla!” adlı təlim keçirilib. Gənclərə “Sahibkarlıq nədir?!”, “Necə sahibkar ola bilərəm?!”, “Biznesdə uğur qazanmağın yolları” haqqında məlumat verilib. Təlim çərçivəsində təlimçi tərəfindən praktiki məşğələlər, biri-birindən maraqlı komanda oyunları təşkil olunub. Daha sonra iştirakçılar əldə etdikləri mövzu ətrafında müzakirələr aparıblar.
“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində növbəti tədbirlərin ölkənin kənd və qəsəbələrində də keçirilməsi nəzərdə tutulub.