CƏMİYYƏT
“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində növbəti tədbirlər Oğuzda və Şəkidə keçirilib
Bakı, 1 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində növbəti maarifləndirmə tədbirləri Oğuz rayonunu və Şəki şəhərini əhatə edib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Oğuzun Bucaq və Şəkinin Baş Küngüt kəndlərindən 50 gənc iştirak edib.
Proqramın məqsədi kəndlərdə yaşayan gənclərlə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, onların bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
Tədbir proqramın təqdimatı ilə başlayıb. Gənclər proqramın imkanları və onlardan faydalanmaq üsulları haqqında məlumatlandırıldıqdan sonra təlim sessiyasına start verilib.
“Layihələrin yazılması və idarə olunması” mövzusunda keçirilən təlim zamanı gənclərə bir sıra biliklər aşılanıb. İştirakçılar, həmçinin praktiki məşğələlərdə, komanda oyunlarında iştirak edib, əldə etdikləri məlumatlar barədə müzakirələr aparıblar.
Tədbirin sonunda iştirakçılar təltif ediliblər.
“Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində onlayn platforma əsasında ARGTMŞ-nin üzv təşkilatlarının əməkdaşlıq üçün müraciətləri qəbul olunur. Müraciətlər proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra üzv təşkilatların nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanır. Bu müqavilə əsasında ARGTMŞ ilə əməkdaşlıq çərçivəsində üzv təşkilatların cari fəaliyyətlərinin Azərbaycanın kəndlərində keçirilməsinə şərait yaradılır. Gənclər təşkilatları müraciət etmək üçün “yerli.nayora.az” portalına daxil ola bilərlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi kəndlərdə insan kapitalı, savadlı gənclərin yetişdirilməsi və inkişafını zəruri edir. Bunu nəzərə alaraq, ARGTMŞ Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq, ölkəmizdə ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramına start verib. Proqram çərçivəsində bu günədək Bakı, Ağdam, Beyləqan, İsmayıllı, Quba, Lənkəran, Sabirabad, Samux, Şəki, Astara, Saatlı və Biləsuvardan 400-dən çox gəncin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.