CƏMİYYƏT
“Yerli gənc” proqramı çərçivəsində növbəti təlim Ağdamda keçirilib
Bakı, 4 iyul, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən “Yerli gənc” kənd gənclərinin inkişaf proqramı çərçivəsində təşkil olunan silsilə təlimlər davam edir.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, təlim sessiyası çərçivəsində Ağdam Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin tərəfdaşlığı ilə Quzanlı qəsəbəsində fəal gənclər üçün təlim keçirilib.
Təlim proqramın təqdimatı ilə başlanıb. Təqdimatda iştirakçılara Azərbaycanda gənclər siyasəti, bu sahədə Dövlət proqramları və gənclər üçün yaradılan imkanlar haqqında məlumat verilib.
Sonra İİV/QİÇS mövzusunda keçilən təlimdə bu amansız xəstəlik, ona yoluxma halları barədə məlumat verilib, mövzu ilə əlaqəli qrup işləri təşkil olunub, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq, ARGTMŞ Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli gənc” kənd gənclərinin inkişaf proqramını həyata keçirir. Proqramın məqsədi gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa həvəsləndirilməsi, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, onların bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.