İQTİSADİYYAT
Yerli şirkətlərin nümayəndələrinə "Azexport.az"dən istifadə ilə bağlı təlim keçirilib
Bakı, 18 dekabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələrinə "Azexport.az" internet portalından istifadə barədə təlim keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və ipəkçiliyin inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planlarında Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri ilə birgə İİİTKM-nin də qarşısına pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların yerli malların vahid məlumat bazası üzrə portalda (Azexport.az) yerləşdirilməsi məsələsi qoyulub. Bu proqramların icrasını təmin etmək məqsədilə keçirilən tədbirdə 30-a yaxın yerli şirkətin nümayəndəsi iştirak edib və onlara "Azexport.az" internet portalı barədə ətraflı məlumat verilib.
"Azexport.az" internet portalının meneceri Ayxan Qədəşov təlimdə təqdimatla çıxış edərək şirkət nümayəndələrinə məhsulları portala yerləşdirilməsi qaydasını izah edib.
İİTKM–nin strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn, "Azexport.az" internet portalının rəhbəri Zaur Qardaşov şirkət nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Təlimdən sonra pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələri "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış olublar.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.