CƏMİYYƏT
Yetkinlik yaşına çatmayan məhkumlar üçün profilaktik tədbir keçirilib
Bakı, 24 fevral, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, fevralın 24-də yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində təbliğat və maarifləndirmə xarakterli, 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlar arasında profilaktik tədbirlər keçirilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Komissiyanın İşçi qrupunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri çıxışlar edərək narkotik vasitələrin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr veriblər.
Sonda narkotiklər və narkomaniyanın törətdiyi fəsadlar barədə aydın təsəvvür yaradan videofilm nümayiş olunub. Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb. Bundan əlavə, tərbiyə müəssisəsinin oxu zalı əyani vəsaitlərlə təmin edilib.