CƏMİYYƏT
“Yol qovşağı” qəzeti fransızdilli oxuculara Azərbaycan həqiqətlərini çatdırır
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycanda fransız dilində nəşr edilən yeganə mətbu orqanı “Le Carrefour” (“Yol qovşağı”) qəzetinin ilk nömrəsi 2007-ci ilin iyulunda çap olunub.
Qəzetin təsisçisi və baş redaktoru Zeynab Kazımova AZƏRTAC-a bildirib ki, nəşrin yaradılmasında məqsəd Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, fransızdilli oxuculara məlumat verməklə ölkəmizi tanıtmaq və xalqımızın milli-mənəvi dəyərlərini, həmçinin mədəni irsini təbliğ etməkdir. Qəzetin ilk nömrəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxuculara çatdırılır. Qəzet Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
Qeyd edilib ki, bu ilin əvvəlində qəzetin saytı www.lecarrefour.az fəaliyyətə başlayıb və fransızdilli ölkələrdən olan oxuculara ölkəmiz barədə gündəlik məlumatlar verilir.
Qəzetin və saytın əsas ideyası və fəaliyyəti Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə səsləndirdiyi xarici media resursları, xüsusən Fransa ilə daha sıx əlaqələrin yaradılması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının əldə olunması istiqamətinə yönəlib. Doqquz ildir fəaliyyətini bu istiqamətdə konkret addımlar atmaqla quran qəzetin hazırda 110 ölkənin mediasını birləşdirən və baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi və Fransanın TV5 Monde kanalı ilə əlaqələri var.
“Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə 2008-ci və 2012-ci illərdə “Azərbaycanda xaricidilli KİV-lərin durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda Azərbaycan Mətbuat Şurası ilə birgə iki dəfə “dəyirmi masa” təşkil edilib. Eyni zamanda, bu ilin yanvarında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım gününə həsr olunan tədbir təşkil edilib. Bu il aprelin 19-da Azərbaycan Dillər Universitetində bu ali məktəbin ictimaiyyətlə əlaqələr departamenti ilə birgə “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın xaricidilli KİV-ləri beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib.