CƏMİYYƏT
Yoluxucu xəstəliklərlə mübarizə sahəsində gənclərin bilik və bacarıqları artırılır
Bakı, 25 may, AZƏRTAC
“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Uşaq və gənclərin yoluxucu xəstəliklərlə mübarizə sahəsində bilik və bacarıqlarının artırılması sahəsində tədbirlərin keçirilməsi” adlı layihə icra edir.
Layihə çərçivəsində rayonlarda uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlər və narkomaniyaya dair, eləcə də vərəm, hepatit virusları, İİV/QİÇS xəstəlikləri və onların fəsadları ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri Beyləqan rayonunda uşaq və gənclərin iştirakı ilə keçirilib.
Tədbirdə “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyinin sədri Aytən Səfixanlı Azərbaycan dövləti tərəfindən uşaq və gənclərin sağlamlığının qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb, vətəndaş cəmiyyəti institutlarının bu prosesə fəal cəlb edilməsi sahəsində konkret addımların atıldığını diqqətə çatdırıb. O, ölkəmizdə ilk dəfə keçiriləcək Avropa Oyunlarından söz açıb, sağlam həyat tərzi sürməyin vacibliyini qeyd edib.
Ekspertlər uşaq və gənclərə siqaretin, narkotik vasitələrin və spirtli içkilərin zərəri, habelə yoluxucu xəstəliklərdən qorunmağın yolları barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar. Həmçinin bu kimi layihələrin regionlarda həyata keçirilməsinin sağlam həyat tərzinə böyük töhfələr verdiyi bildirilib.