CƏMİYYƏT
Yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması ilə bağlı Sərəncam imzalanıb
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin və reabilitasiyasının daim dövlətin diqqət mərkəzində olduğu qeyd edilib. Yüksək vətənpərvərlik nümunəsi göstərərək yaralanmış hərbçilərimizin sağlamlığının bərpasına ötən dövr ərzində xüsusi qayğı göstərildiyi, onların müalicəsi istiqamətində səmərəli reabilitasiya tədbirlərinin həyata keçirildiyi vurğulanıb.
Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə bu vəsaitdən 2017-ci il ərzində təyinatı üzrə istifadə olunmasını təmin etmək tapşırılıb.