DÜNYA
Yüksək vəzifəli çinli məmuru ölüm cəzası gözləyir
Bakı, 17 oktyabr, AZƏRTAC
Çin Xalq Respublikasının energetika məsələləri üzrə dövlət idarəsi kömür sənayesi şöbəsinin müdiri Vey Penyuanı ölüm cəzası gözləyir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, məhkəmə yüksək vəzifəli məmuru 212 milyon yuan (31 milyon ABŞ dollarına yaxın) rüşvət almaqda təqsirli bilib. Sina portalının məlumatına görə, Vey Penyuan iki il möhlətlə ölüm cəzasına məhkum olunub.
Qaydalara əsasən, Çində ölüm hökmləri qısa müddətdə icra olunur. Yalnız iki illik möhlətlə çıxarılan məhkəmə qərarları istisna təşkil edir. Bu halda müttəhim ölüm hökmünün ömürlük və ya uzunmüddətli həbs cəzası ilə əvəz olunmasına ümid bəsləyə bilər.
Çinin hakimiyyət orqanları 2012-2013-cü illərdə korrupsiya ilə genişmiqyaslı mübarizə kampaniyasına başlayıblar. Bir müddət əvvəl dəmir yolları nazirliyinin məmuru ölüm cəzasına məhkum edilib, Quançjou şəhəri partiya komitəsinin katibinə isə ömürlük həbs cəzası verilib.