REGİONLAR
Zaqatala xurması Rusiya bazarlarına çıxarılır
Zaqatala, 20 noyabr, AZƏRTAC
Bu il Zaqatalanın xurma bağlarında bol məhsul yetişib. Hazırda bağlarda xurma yığımının qızğın çağıdır. Məhsul istehsalçıları şaxtalar düşənədək xurmanın yığılmasına çalışırlar. Əks halda yetişmiş meyvə şaxtadan donacaq. Tədarük edilən məhsul satış üçün respublikanın daxili bazarları ilə yanaşı, Rusiya Federasiyasına da göndərilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayonda 334 hektar xurma bağı var. Bu bağların 277 hektarı barverəndir. Cari ildə 13 hektar sahədə yeni xurma bağı salınıb. Bağ salınarkən əsasən “şişburun” xurma sortuna üstünlük verilir. İndiyədək bağlardan 3 min tona yaxın xurma yığılıb. Yeşiklərə qablaşdırılan 1 cərgə (təxminən 8-10 kiloqram) xurmanın satış qiyməti 1 manat 50 qəpik-2 manat arasında dəyişir.
Ötən il rayonda 5 min tondan artıq xurma istehsal olunub. Bu il də bağlardan bir o qədər məhsul götürüləcəyi proqnozlaşdırılır.