REGİONLAR
Zərdabda “Psixi sağlamlığımızın qayğısına qalaq” mövzusunda elmi-praktik konfrans keçirilib
Zərdab, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Zərdabda rayon icra hakimiyyəti ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Psixi sağlamlığımızın qayğısına qalaq” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi konfransı açan rayon icra hakimiyyəti başçısının müavini Lalə Əmirəliyeva tədbirin əhəmiyyətindən danışıb.
Elmi-praktik konfransda “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva “Müasir insan həyatında psixologiyanın rolu”, mərkəzin mütəxəssisləri Nigar Məmmədova “Yaş dövrləri”, Aygün Mehdiyeva isə “Uşaqlarda nitq qüsurları və onların yaranma səbəbləri” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra tədbirdə “Ailə münaqişələrinin yaranması və aradan qaldırılması yolları” və “Stressi necə atmalı” mövzularında treninqlər keçirilib, mövzuya aid video slaydlar nümayiş etdirilib.
Treninqlərdən sonra Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən uşaqlar müayinə edilib, onların valideynlərinə məsləhətlər verilib, fərdi psixoloji konsultasiyalar aparılıb.