CƏMİYYƏT


Zorakılığın yolverilməzliyi ilə bağlı Füzulidə maarifləndirmə tədbiri təşkil edilib

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi çərçivəsində Füzuli rayonunda maarifləndirmə tədbiri keçirib.

İB-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə uşaqlar, valideynlər, müəllimlər, o cümlədən yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Layihə rəhbəri Aytən Səfixanlı çıxış edərək belə bir aktual məsələyə həsr olunmuş tədbirin yüksək səviyyədə təşkilinə görə Füzuli Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. Qeyd edib ki, layihənin məqsədi paytaxtda və regionlarda məktəblilər, valideynlər və uşaqlarla işləyən şəxslər arasında zorakılığın yolverilməzliyi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi və uşaqlar arasında rəsm müsabiqəsinin keçirilməsidir.

Tədbirdə ekspert qismində çıxış edən psixoloq Asəf Kərimov uşaqlara qarşı zorakılığın psixoloji aspektləri, zorakılığın uşaqda yaratdığı mənəvi-psixoloji sarsıntılar, zorakılığa məruz qalan uşaqlara psixoloji xidmətin xüsusiyyətləri, uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar barədə iştirakçılara ətraflı məlumat verib. A.Kərimov vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində uşaqların tərbiyəsinə valideynlərin məsuliyyət daşıdığı və dövlətin isə nəzarət etdiyi qeyd edilib. Bu ali qanunvericilik norması bir daha göstərir ki, valideynlər uşaqları ilə istədiyi kimi davrana bilməz, çünki dövlət bu məsələlərə nəzarət edir.

Tədbirdə uşaqlara qarşı zorakılıqla mübarizənin daha da gücləndirilməsi məsələləri ilə bağlı geniş müzakirələr aparılıb, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.