REGİONLAR
Muxtar respublikadakı soyuducu anbarlarda 4200 tondan çox meyvə-tərəvəz tədarük edilib
Naxçıvan, 17 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində və muxtar respublikanın ən iri kənd təsərrüfatı məhsulları istehsalçısı olan Şərur rayonunda, habelə Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarında yerləşən müxtəlif soyuducu anbarlarda sentyabrın 11-dək 4 min 200 tondan çox meyvə-tərəvəz tədarük olunub ki, bunun da əsas hissəsini, yəni 86 faizini kartof təşkil edir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, anbarlarda əhali istehlakında mühüm yer tutan soğan, alma, kələm kimi məhsullar da tədarük olunaraq satışa göndərilib. Bəzi məhsulların tədarükü mövsüm sonunadək davam edəcəyindən yaradılacaq qış ehtiyatının da həcminin artacağı gözlənilir. Bu da önümüzdəki qış aylarında bazarlarda meyvə-tərəvəz sarıdan bolluq olacağından xəbər verir.
Əhalinin etibarlı ərzaq təminatında anbar təsərrüfatının mühüm rolu var. Soyuducu anbarlar əhalinin istehlakında əsas yer tutan yerli meyvə və tərəvəz məhsullarının ilin bütün fəsillərində münasib qiymətlərlə satışına imkan verir. Bu baxımdan muxtar respublikanın müxtəlif yerlərində tikilib istifadəyə verilən soyuducu anbarlar kənd təsərrüfatı məhsullarının ilboyu yüksək keyfiyyətlə saxlanılmasına şərait yaradır.