CƏMİYYƏT
"Azərbaycan Beynəlxalq Bankı" ən yüksək nəticə göstərmiş əməkdaşlarını mükafatlandırıb
Bakı, 11 fevral, AZƏRTAC
"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) əməkdaşlarının bilik səviyyəsinin yoxlanılması məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi testləşdirmə zamanı ən yüksək nəticə göstərmiş bank əməkdaşları mükafatlandırılıb.
ABB-dən AZƏRTAC-a bildiriblər ki, testləşdirmə dörd fəaliyyət istiqaməti - xəzinə, əməliyyat, kredit və mühasibat işi üzrə aparılıb, iştirakçılara 100 test tapşırığı təqdim edilib. 85 sual bank sektoru və qanunvericiliyə, 15 sual məntiqi nəticə çıxarma qabiliyyətinə aid idi. Test imtahanında bankın 583 əməkdaşı iştirak edib.
Ən yüksək nəticələri xəzinə bloku üzrə bankın "Nəqliyyat" filialının aparıcı mütəxəssis-xəzinədarı Tərlan İlqar oğlu Bağırlı (90 bal), mühasibat bloku üzrə "Qazax" filialının nəzarət şöbəsinin müdiri Fərid Rövşən oğlu Əsgərov (77 bal), kredit bloku üzrə "Gəncə" filialının kredit şöbəsinin müdiri Kamal Nizami oğlu Səfərov (82 bal) və əməliyyat bloku üzrə "Abşeron" filialının əməliyyat şöbəsinin baş mütəxəssisi Əli Cavad oğlu Rzayev (87 bal) toplayıb.
Mükafatlandırma mərasimində qeyd edilib ki, test imtahanının nəticələri bu sahədə təkmilləşmə işlərinə kömək göstərəcək. İmtahanda yüksək nəticələr qazanan əməkdaşların bu nailiyyətləri onların karyera irəliləyişlərində gələcəkdə də nəzərə alınacaq.
Sonra əməkdaşlara sertifikatlar və hədiyyələr təqdim olunub.