CƏMİYYƏT
"Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirilir
Bakı, 30 iyul, AZƏRTAC
"Azər-İlmə" Xalçaçılıq Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ilə birgə "Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
KİVDF-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Azərbaycan xalçaçılığının tarixinin, xalçaçılıq mərkəzlərinin, xalça simvol və naxışlarının, boyaqçılıq ənənələrinin, bu sahə üzrə elmi tədqiqatların, habelə respublikamızda xalçaçılıq sənətinin inkişaf perspektivlərinin araşdırılmasıdır.
Yazılar avqust 1-dən oktyabrın 15-dək təqdim edilməlidir.
Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
Müsabiqədə I yer üçün bir, II yer üçün iki, III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Birinci yerin qalibinə 1000, ikinci yerə 800, üçüncü yerin sahibinə isə 600 manat veriləcək. Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) təqdim olunacaq.
Qaliblər, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin xüsusi diplomu ilə təltif ediləcək.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.