İQTİSADİYYAT
SOCAR-ın “Qazservisinformatika” departamenti üçün yeni alınan qurğulara baxış keçirilib
Bakı, 1 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dekabrın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri SOCAR-ın informasiya texnologiyaları və rabitə idarəsinin “Qazservisinformatika” departamenti üçün yeni alınan sınaq qurğularına baxış keçiriblər.
AZƏRTAC xəbər verir ki, yeni sınaq qurğuları sisteminin yaranma səbəbləri haqqında məruzə dinlənilib. Bildirilib ki, 2009-cu ildə ölkə üzrə 1 milyon 280 min abonent rəsmən qeydiyyata alınmışdı. Lakin faktiki olaraq, qaz alan istehlakçıların sayı təxminən 752 min idi. 2011-ci ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması nəticəsində real qaz alan abonentlərin sayı artaraq, 1 milyon 298 min oldu. 2009-cu il səviyyəsinə çatıldı və keçildi. Hazırda isə ölkə üzrə təbii qazla təchiz olunan abonentlərin sayı 1 milyon 801 min təşkil edir. Eyni zamanda, 2010-cu ildən etibarən müasir standartlara cavab verən “Smart” tipli sayğacların genişmiqyaslı tətbiqinə başlanıldı, köhnə sayğaclar istifadədən çıxarıldı və bu proseslərlə əlaqədar qaz həcmlərinin düzgün hesablanması, sərf olunan qazın dəqiq uçotunun aparılması, istehlakçıların hüquqlarının daha etibarlı qorunması xüsusi aktuallıq kəsb etdi.
Qeyd olunub ki, mövcud normativlərə əsasən, qaz sayğacları tipinə uyğun olaraq 3-5 ildən bir sınaqdan və dövlət yoxlamasından keçirilməlidir. Bu məqsədlə departamentin yoxlama qurğularının müasirləşdirilməsinə və istehsal gücünün artırılmasına zərurət yaranıb. Nəticədə ən müasir standartlara cavab verən 5 dəst Almaniya istehsalı olan yeni sınaq qurğusu (İTF-2500-1-A, İTF-100-4-6 və 3 dəst İTF 10-12-A-EC) alınaraq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlaşdırılıb və quraşdırılıb.
Yeni qurğuların imkanları, iş mexanizmləri barədə SOCAR-ın prezidentinə məlumat verilib. Bildirilib ki, yeni qurğuların yığcamlığı onların departamentin bazasındakı mövcud stendlərdə quraşdırılmasına imkan verib, əlavə xərclər çəkilməyib. Geniş imkanlara malik yeni qurğular iqtisadi baxımdan səmərəliliyi ilə fərqlənir. Belə ki, İTF-2500-1-A tipli sınaq qurğusunda sayğacları sistemə qoşmaq üçün pnevmoavtomatik sıxaclardan istifadə olunması hazırlıq işlərinə vaxt və əmək sərfiyyatını xeyli azaldır. Yeni nəsil qurğular əvvəlkilərdən fərqli olaraq eyni vaxtda 6 rotor tipli qaz sayğacını sınaqdan keçirmək (kalibrləmək) imkanına malikdir. Təqdim edilən avadanlıqlar arasında məişət sayğaclarını kalibrləmək üçün alınmış 3 dəst İTF 10-12-A-EC tipli sınaq qurğusu xüsusi maraq doğurub. Əhali kateqoriyasına aid abonentlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan bu qurğu dəstləri həm “Smart” tipli, həm də mexaniki tipli 36 ədəd qaz sayğacını eyni vaxtda sınaqdan keçirə bilir. Qurğular universal proqram təminatı əsasında fəaliyyət göstərir, işçi personal ayrı-ayrı stendlərdə müxtəlif sayğaclarla vahid proqram əsasında işləyə bilir, bu da servis xidmətini xeyli asanlaşdırır.
Şirkətin idarə və müəssisələrində, o cümlədən “Qazservisinformatika” departamentində aparılan yenidənqurma və müasirləşdirmə tədbirlərindən danışan SOCAR-ın prezidenti R.Abdullayev yeni qurğuların istifadəyə verilməsini bu istiqamətdə davam etdirilən işlərin növbəti mərhələsi kimi qiymətləndirib. Bildirib ki, yeni qurğular vasitəsilə 2016-cı ildən başlayaraq respublikada istismar olunan məişət və sənaye sayğaclarının ilkin və dövri dövlət yoxlamalarına olan tələbat tam ödəniləcək. O, neft-qaz sənayesinin inkişafı üçün mühüm əhəmiyyət daşıyan modernləşdirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini deyib.
Qeyd edək ki, qaz sayğaclarının beynəlxalq standartlara uyğun texniki baxışdan keçirilməsi, ölçmələrin dəqiqliyinin təmin edilməsi, qaz həcmləri barədə informasiyaların hesablanması, istehlakçıların hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən “Qazservisinformatika” departamenti ötən dövr ərzində bu istiqamətdə kompleks tədbirlər həyata keçirib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən müvafiq sertifikatlar alınıb, avadanlıqlar üzrə texnoloji təlimatlar və müvafiq prosedurlar işlənib hazırlanıb. Departamentin 116 mütəxəssisi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və SOCAR-ın təlim, tədris və sertifikatlaşdırma idarəsi tərəfindən təşkil edilən kurslarda, eləcə də Türkiyə və Almaniyada təlim keçərək müvafiq sertifikatlar alıb. Qazın fiziki-kimyəvi tərkibini onlayn rejimdə təyin etmək məqsədilə 21 dəst axın xromatoqrafı alınıb qazpaylayıcı şəbəkənin topologiyasına uyğun surətdə 21 seqmentdə elə quraşdırılıb ki, respublikanın 293 qaz ölçü qovşağını əhatə edir. Götürülən qaz nümunələrinin Bakıda yerləşən ixtisaslaşdırılmış laboratoriyalarda analizi üçün müvafiq şərait yaradılıb, nümunələrin götürülməsində və analizlərdə insan faktoru aradan qaldırılıb.