CƏMİYYƏT


"Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi başa çatıb

Bakı, 24 iyul, AZƏRTAC

IDEA İctimai Birliyinin, Təhsil Nazirliyinin və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin reallaşdırdıqları "Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində keçirilən "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsinə yekun vurulub.

IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, düşərgədə Qəbələ rayonunun Bunud, Vəndam, Tüntül, Yengicə, Nohurqışlaq, Əmirvan, Bılıx, Topbağ və Məlikli kəndlərindən 70-dən çox məktəbli iştirak edib.

Yay düşərgəsinin məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgədə iştirakçılar zubrların həyat tərzi, reintroduksiya olunacağı ərazilər və təbiətdəki rolu haqqında ətraflı məlumatlar əldə ediblər. Gənclər bu nadir canlı növünün zəngin təbiətimizə qaytarılması məqsədilə həyata keçirilən reintroduksiya layihəsi haqqında seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.

Zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Növün son fərdlərinə keçən əsrin sonlarında Qafqaz dağının ətəyində rast gəlinib. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsi olaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən zubrların reintroduksiyası ilə bağlı birgə layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilməkdədir. Layihənin icrasında ən önəmli istiqamətlərdən biri əhalinin, xüsusilə gənclərin maarifləndirilməsidir.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Qəbələ, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara və Göygöl rayonlarından, ümumilikdə 300-dən çox məktəbli iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.