MƏDƏNİYYƏT
"Karmel Klavir 2018” Qara Qarayev musiqisini təqdim edib
Vaşinqton, 7 iyul, AZƏRTAC
ABŞ-ın İndiana ştatının Karmel şəhərində Gənc Pianoçuların Beynəlxalq Müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə “Musiqi aləminə sehrli səyahət” uşaq fortepiano kitabının müəllifi, tanınmış pedaqoq İrina Qorin və Liz Zeydelin təşəbbüsü ilə şəhərin “Palladium” incəsənət mərkəzində təşkil olunur. Bu il 5 illiyini qeyd edən müsabiqə dünyanın müxtəlif ölkələrindən 200 gənc musiqiçini bir araya gətirib. Solo, ansambl ifası, konsert ifası və müasir musiqi kateqoriyalarında keçirilən müsabiqədə Avropa, Asiya, Latın Amerikası və ABŞ-dan gəlmiş musiqiçilər öz məharətlərini nümayiş etdiriblər.
“Karmel Klavir” bu ildən Azərbaycan-Amerika Musiqi Fondu ilə də əməkdaşlıq edir. İrina Qorinin rəhbəri olduğu təşkilat komitəsi görkəmli bəstəkar Qara Qarayevin fortepiano üçün əsərlərini müsabiqənin proqramına salmağı təklif edib. Azərbaycan-Amerika Musiqi Fondu təklifi məmnuniyyətlə qəbul edib.
Təşkilat Komitəsinin iclasında Qara Qarayevin fortepiano üçün seçilmiş əsərlərinin Amerika nəşrini təqdim etmək qərara alınıb. Nəşr ifaçılıq sənəti doktoru Cəmilə Cavadova-Spittsberq tərəfindən hazırlanıb. Bu nəşrin baş redaktoru bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırovadır.
Bildiyimiz kimi, 2018-ci ildə Qara Qarayevin 100 illik yubileyi müxtəlif tədbirlərlə qeyd olunur. Bu baxımdan bəstəkarın fortepiano üçün əsərlərinin müsabiqənin proqramına daxil edilməsi xüsusilə əlamətdardır. Bu münasibətlə xüsusi pul mükafatı təsis edilib və bəstəkarın qızının imzası ilə ifa sənətində yüksək uğurlara görə “Qarayev-Karmel Klavir 2018” sertifikatı hazırlanıb. Pul mükafatlarının sponsorları Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan-Amerika Musiqi Fondudur.
Yeddi musiqiçi, o cümlədən Minerva Tsao (9 yaş), İsaak Tsyan (10 yaş), Ceyson Yanq (11 yaş), Mayk Yanq (12 yaş), Şan Makdonald (13 yaş), Mira Tszyan və Uliyam Templ (15 yaş) Qara Qarayevin əsərlərinin ən yaxşı ifası uğrunda yarışıblar. Münsiflər heyətinə Piter Takaç, Pavel Çeçinski, Patrik Lexner, Çen Vay, Avriam Reyhert və digər dünya şöhrətli pianoçular və pedaqoqlar daxil olub.
İştirakçıların hər birinə “Qarayev-Karmel Klavir 2018” xüsusi mükafatı təqdim edilib. Pul mükafatı birinci, ikinci və üçüncü yerlərin sahibləri arasında bölünüb. Birinci mükafatın sahibi “Unudulmuş vals”ı ifa edən on yaşlı İsaak Tsyan olub. İkinci və üçüncü yerlərə Şan Makdonald və Minerva Tsao layiq görülüblər. Onların ifasında “Polka” və “Şən oyun” əsərləri səslənib. Müsabiqənin digər dörd iştirakçısına fəxri fərman və hədiyyələr təqdim edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton