SİYASƏT
ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatları Pax–Türkiyə İnstitutu yaratmışlar
Bakı, 13 yanvar (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatları türk dünyası barədə biliklərin genişləndirilməsi, dünya ictimaiyyətinin daha yaxşı məlumatlandırılması məqsədi ilə Pax-Türkiyə İnstitutu (PTİ) yaratmışlar.
PTİ bu yaxınlarda ABŞ-ın ən böyük universitetlərindən birində konfrans keçirməyi planlaşdırır. Onun gələcək layihələrə türk tarixinin, dilinin, mədəniyyətinin öyrənilməsinə dair tədris proqramlarına şərait yaradacaqdır.
İnstitut ABŞ-ın türkdilli dövlətlərlə əlaqələrinin və digər maraq doğuran mövzuların tədqiqini dəstəkləmək məqsədi ilə ekspert və alimlərdən ibarət şuralar da yaradacaqdır. ABŞ-ın tanınmış ali məktəblərinin birində Azərbaycana dair tədqiqat proqramının təşkili də nəzərdə tutulmuşdur.