REGİONLAR
Abşeronda Vətən müharibəsi şəhidlərinin anım mərasimləri keçirilib
Xırdalan, 3 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına öz canlarını qurban verən beş igid şəhidin il mərasimi keçirilib. Bununla bağlı Abşeron rayonun Xırdalan şəhərində, Hökməli və Fatmayı kəndlərində çadırlar qurulub.
AZƏRTAC xəbər verir ki, il mərasimlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Milli Məclisin deputatı Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Şəhid mayor Həsənov Elşad Paşa oğlunun, şəhid əsgər Ataşov Asif Kərim oğlunun, şəhid gizir Budaqov Rufiz Şirzad oğlunun, şəhid çavuş Məcdunov Xalid Zahir oğlunun, şəhid əsgər Vəliyev Oruc Ramiz oğlunun yaşadıqları ünvanlara gedilərək onların ailə üzvləri ilə görüşülüb.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
Tədbirlərdə şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanılıb.
Rayon rəhbərliyı şəhid çavuş Məcdunov Xalid Zahir oğlunun abidə kompleksinin açılışında da iştirak edib. Açılışda məktəblilər şəhidimiz haqqında olan şeirlər səsləndiriblər.