SİYASƏT
Ağstafa rayonunda tarixi abidələrin bərpası və qorunması, yeni mədəniyyət obyektlərinin tikintisi sahəsində işlər davam etdiriləcəkdir
Bakı, 30 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 30-da Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
AZƏRTAC xəbər verir ki, Sərəncamda son illərdə Ağstafa rayonunda tarixi abidələrin bərpası və qorunması, yeni mədəniyyət obyektlərinin tikintisi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirildiyi, o cümlədən Keşikçidağ Dövlət tarixi mədəniyyət qoruğunun yaradıldığı, Gənclər Mərkəzinin, Kitab Abidə Kompleksinin, Yazıçılar evinin inşa edildiyi, Səməd Vurğun, Tarixi və müasir abidələr parklarının salındığı bildirilir.
Sərəncama əsasən, bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq, 1940-cı ildə şəhər 1 saylı məktəbin yardımçı binası kimi inşa edilmiş tikilidə fəaliyyət göstərən 200 şagird yerlik Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və 1950-ci ildə istifadəyə verilmiş 250 tamaşaçı yerlik rayon Mədəniyyət evinin əsaslı təmiri məqsədi ilə Ağstafa Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat ayrılmışdır.