CƏMİYYƏT
Antonio Quterreş BMT-nin təşəbbüslərindən danışıb
Bakı, 1 may, AZƏRTAC
İndi kor-koranə nikbinliyin və əzmi sarsıdan bədbinliyin vaxtı deyil. İndi başlıcası fəaliyyət qətiyyətini qoruyub saxlamaqdır. AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının rəsmi saytına istinadla bildirir ki, qurumun Baş katibi Antonio Quterreş beynəlxalq birliyə belə bir çağırışla müraciət edib. O, pandemiya başlanandan bəri BMT-nin irəli sürdüyü təşəbbüslərdən danışıb. Təşəbbüslər təhlükəsizlik, sosial müdafiə və iqtisadiyyatın bərpası sahələrini əhatə edib.
Baş katib aprelin 30-da virtual mətbuat konfransında çıxışında xatırladıb ki, 114 ölkə, dini liderlər, regional təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri onun qlobal atəşkəs çağırışına səs veriblər. Baş katib etiraf edib: "Biz bilirik ki, bu təşəbbüsü həyata keçirmək o qədər də asan deyil. Amma mənim xüsusi nümayəndələrim və elçilərim bu prosesdə, lazım gəldikdə, mənim şəxsi iştirakımla yorulmadan çalışırlar ki, bu niyyətləri həyata keçirsinlər".
Suriyanın İdlib şəhərində atəşkəs rejiminə riayət olunur, indi növbə ölkənin başqa rayonlarınındır. Liviyada hərbi əməliyyatların eskalasiyası müşahidə olunur, Əfqanıstanda və Yəməndə vəziyyətin sabitləşəcəyinə ümid bəsləyirik. "Bizim uğurumuz siyasi dəstəyin səviyyəsindən asılıdır", - deyə Antonio Quterreş bildirib.
O, Təhlükəsizlik Şurasını fikir ayrılıqlarını aradan qaldırmağa və sülhə nail olmağa kömək edən qərarlar qəbul etməyə çağırıb.
İkincisi, BMT-də əhalinin, xüsusən də onun ən zəif təbəqələrinin sosial müdafiəsi məsələlərinə böyük əhəmiyyət verilir. Söhbət işsiz qalmış və dolanışıq vasitələrindən məhrum olmuş insanlara, habelə zəruri vaksinasiya ilə təmin olunmayan uşaqlara və əhalinin digər qruplarına yardımdan gedir. BMT xəbərdarlıq edir ki, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanların sayı 30 il ərzində ilk dəfə və birdən-birə 500 milyon nəfər arta bilər. "Mən israrla bildirirəm ki, dünya iqtisadiyyatının həcminin ən azı on faizi qədər məbləğdə qlobal yardım tədbirləri paketi qəbul edilməldir", - deyə Baş katib bəyan edib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin çoxu öz qayğılarına qala bilər, lakin inkişafda olan ölkələrə yardım tələb olunur.
O xatırladıb ki, Beynəlxalq Valyuta Fondu 36 ölkəyə 12,3 milyard dollar ayrılmasını bəyənib, halbuki yardım üçün yüzdən çox ölkə müraciət edib. Digər beynəlxalq maliyyə təsisatı - Dünya Bankı yaxın 15 ayda həmin məqsədlərə 160 milyard dollar ayırmaq niyyətini açıqlayıb, "Böyük iyirmilik" ölkələri çox yoxsul ölkələrin borc yükünü yüngülləşdirməyə razılaşıblar. Baş katib kömək etmək arzusunda olanların hamısına təşəkkür edib, lakin bildirib ki, bu tədbirlər yetərli deyil.
Baş katibin sözlərinə görə, BMT böhrandan sonra bərpa işlərini xüsusi diqqət tələb edən üçüncü fəaliyyət sahəsi hesab edir. "Elə etmək lazımdır ki, bu proses nəticəsində dünya həyat üçün daha təhlükəsiz olsun, yəni sağlam ətraf mühit, dayanıqlı inkişaf və hüquq bərabərliyi təmin olunsun. Zəif bəndlərə - qeyri-bərabərliyə, böhranı belə ağrılı şəkildə ortalığa qoyan sosial müdafiə fərqlərinə və gender bərabərliyinə diqqət yetirmək olduqca vacibdir", - deyə BMT-nin başçısı vurğulayıb. Onun fikrincə, gələcək sarsıntılardan yalnız bu şəkildə müdafiə olunmaq mümkündür.
Quterreş əmindir ki, hər hansı bərpa tədbiri iqlim dəyişmələrinə qarşı mübarizə nəzərə alınmaqla qəbul ediləcək. O, ekoloji baxımdan təmiz istehsal metodlarını inkişaf etdirməyə, qazıntı yanacaq hasilatına subsidiyaları dayandırmağa və atmosferi çirkləndirən şirkətlərə maliyyə dəstəyi göstərməməyə çağırıb.
BMT-nin Baş katibi atmosferə buraxılan zərərli tullantıların 2050-ci ilə qədər tamamilə dayandırılmasına dair milli planlarını təqdim etmələri xahişi ilə dünya ölkələrinə müraciət edib. Quterreşin sözlərinə görə, bu sənədləri tərtib edərkən Dayanıqlı İnkişaf Məqsədlərinə və Paris İqlim Sazişinə hədəflənmək lazımdır.
BMT-nin Baş katibi çıxışını Fransanın dövlət xadiminə və Avropa İttifaqının təməlini qoyanlardan birinə - Jan Moneyə məxsus sitatla bitirib: "İndi kor-koranə nikbinliyin və əzmi sarsıdan bədbinliyin vaxtı deyil: başlıcası fəaliyyət qətiyyətini qoruyub saxlamaqdır".