CƏMİYYƏT
AQTA sahibkarlar üçün növbəti videotəlim keçirib
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarları maarifləndirmək üçün onlayn təlimləri davam etdirir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentlik növbəti belə təlimləri ictimai iaşə müəssisələrinin rəhbərləri və nümayəndələri üçün keçirib.
Maarifləndirici videotəlimdə pandemiya dövründə ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin fəaliyyəti, epidemioloji vəziyyəti nəzərə alaraq müəssisələrdə işin təşkili ilə bağlı tövsiyələr, karantin rejimindən mərhələli çıxış üzrə ictimai iaşə müəssisələrində əməl edilməsi vacib olan qaydalar müzakirə olunub. Agentlik tərəfindən hazırlanan ictimai iaşə müəssisələrində COVID-19-un profilaktikasına dair metodiki göstərişlərdə əksini tapan məsələlər sahibkarların diqqətinə çatdırılıb.
Otellər və Restoranlar Assosiasiyasının nümayəndələri ilə birgə keçirilən təlimdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.