İDMAN
“Arsenal”ın müdafiəçisi Sokratis Papastatopulos: Final qarşılaşmasında məğlubiyyət haqda düşünmürük
Bakı, 28 may, AZƏRTAC
Bakıda olmaqdan çox məmnunam. Burada “Arsenal”ın kifayət qədər azarkeşi var. Öz ölkəmdə - Yunanıstanda da məni dəstəkləyirlər. Əsas hədəfimiz qalib gəlməkdir. İndi ancaq bu haqda düşünürük.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında “Çelsi” ilə qarşılaşacaq “Arsenal”ın müdafiəçisi Sokratis Papastatopulos mayın 28-də təşkil olunan mətbuat konfransında deyib.
Finalda güclü komandaya qarşı oynayacaqlarını bildirən yunanıstanlı futbolçu deyib ki, artıq UEFA Çempionlar Liqasında oynamaq istəyirik. Azarkeşlərimizi Çempionlar Liqasındakı qələbələrimizlə sevindirmək niyyətindəyik. Məğlubiyyət haqda düşünmürük.
“Arsenal”ın isveçrəli yarımmüdafiəçisi Qranit Caka artıq üç gündür Bakıda olduqlarını vurğulayaraq bildirib: “Baş məşqçi Unai Emerinin böyük təcrübəsi var. O, üç dəfə UEFA Avropa Liqasının qalibi olub. İstəyirik ki, Bakıda da qalib gələk və ona dördüncü dəfə bu sevinci yaşadaq. Azarkeşlərimizin də arzuladığı kimi, UEFA Çempionlar Liqasında oynamaq istəyirik. Turnir zamanı güclü komandalarla görüşdə gözəl oyun nümayiş etdirdik. “Arsenal”da iki isveçrəli futbolçu çıxış edir. Qələbə qazanacağımız təqdirdə isveçrəli futbolçular ilk dəfə UEFA Avropa Liqasının qalibi olacaqlar. Əsas məqsədimiz qalib gəlməklə bütün azarkeşlərimizi sevindirməkdir. Finala tam hazır olmalıyıq. Bakıda və ya başqa yerdə oynamağın bizim üçün fərqi yoxdur”.